Şura sədri: “Xarici donor institutları Azərbaycanda fəaliyyətlərini çox rahat şəkildə quracaqlar”

27/01/2017 16:35
"Ötən il QHT-hökumət dialoqunun nəticəsi olaraq xarici donorların qrant verilmə proseduru ölkə Prezidenti tərəfindən sadələşdirilib və vahid pəncərə sistemi tətbiq edilib". Bunu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev jurnalistlərə açıqlamasında bildirib.
QHT sədri vurğulayıb ki, bundan sonra xarici donor institutları Azərbaycanda fəaliyyətini çox rahat şəkildə quracaqlar: "Əvvəllər sənədlərin baxılmasına 30 günə yaxın vaxt tələb olunurdusa, donorlar tərəfindən, yəni qeydiyyat və donorluq fəaliyyətinin həyata keçirilməsi məqsədilə sənədlərə baxılması üçün indi Ədliyyə Nazirliyinə cəmi 1 gün vaxt verilib"
"Vahid pəncərə sistemi ilə sənədlər Ədliyyə və Maliyyə Nazirliklərinə təqdim ediləcək. Maliyyə Nazirliyi müraciətə iqtisadi və maliyyə vəziyyəti ilə bağlı rəy verəcək. Əvvəllər iqtisadi maliyyə vəziyyəti ilə bağlı rəyin alınması, eyni zamanda donor kimi fəaliyyət göstərməsi üçün qeydiyyata alınması ilə bağlı təkcə donor müraciət edirdisə, indi qeyri-hökumət təşkilatlarına da bu hüquq verilir. Vahid pəncərə sistemi 2017-ci il yanvarın 1-dən rəsmi fəaliyyətə başlayıb. Artıq bir çox təşkiltalar öz fəaliyyətlərini yenidən beynəlxalq qurumlar və donor təşkilatları ilə bərpa etmək imkanı əldə edəcəklər"-deyə Azay Quliyev fikirlərini çatdırıb.