Azay Quliyev: İşğalçı dövlətlərə qarşı tətbiq olunan sanksiyalar Ermənistana da aid edilməlidir

27/01/2017 17:03
“Azərbaycan BMT nizamnaməsinə uyğun olaraq öz torpaqlarını işğaldan azad etmə və müdafiə etmə hüququna malikdir”.
Bunu SalamNews-a açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.
Azay Quliyev qeyd edib ki, öz torpaqlarımız üzərində suverenliyimizi bərqarar etmə hüququna sahibik: "Ona görə bütün bu addımlar beynəlxalq təşkilatlar tərəfindən düzgün qiymətləndirilməlidir. Biz bütün bunları ATƏT PA-da dəfələrlə müzakirə etmişik. Bəyan etmişik ki, bu, Azərbaycanın beynəlxalq çərçivədə qazandığı hüquqdur. Biz hər zaman bu hüquqdan istifadə edə bilərik. Amma biz hələlik Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanırıq. Azərbaycan ATƏT-in Minsk qrupunun və beynəlxalq təşkilatların öz funksiyalarını lazımı səviyyədə yerinə yetirməsinə ümid edir. Biz hələ də BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin məcburiliyinə inanırıq. Hesab edirəm ki, gec-tez bütün bunlar beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq dəstəklənəcək".
 
Deputat vurğulayıb ki, işğalçı dövlətlərə qarşı tətbiq olunan sanksiyalar və əllə göstərilmə Ermənistana da aid edilməlidir: "Bir ölkənin ərazisi işğal olunur. İşğalçı dövlətə qarşı bir cür münasibət göstərilir. Azərbaycana gəldikdə isə Ermənistana qarşı bu cür münasibət bəslənilmir. Bu da, əlbəttə, bizi çox üzür. Amma bu gün hərbçilər öz işini görür. Ordumuz günü-gündən qüdrətlənir. Cənab Prezidentimiz ordumuzun gücləndirilməsi üçün bütün tədbirləri yerinə yetirir. Eyni zamanda diplomatlar, Xarici İşlər Nazirliyi və aidiyyəti qurumlar bu sahədə öz işlərini görürlər. Aprel döyüşlərindən sonra mətbuat, QHT-lər bir daha dünyaya nümayiş etdirdi ki, torpaqların işğal edilməsi məsələsində fikir ayrılığı yoxdur. Bu da bizim gücümüzü artırır. Danışıq masası ətrafında Azərbaycanın imkanlarını daha da möhkəmləndirir".