Azay Quliyev: Bu, Azərbaycan dövlətinin və Prezidentinin humanist siyasətinin uğurlu davamıdır- VİDEO

14/02/2017 14:14
Azərbaycan Prezidentinin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli sərəncamı Azərbaycanın hüquq sistemində yeni bir yanaşmanın əsasını qoydu.
 
Bunu Trend-ə millət vəkili, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev deyib.
 
A.Quliyev qeyd edib ki, cəza siyasətinin humanistləşdirilməsi bu sahədə bir inkişaf mərhələsi olacaq: "Mən bunu çox yüksək qiymətləndirirəm. Birinci növbədə onu qeyd etmək lazımdır ki, azadlıqdan məhrumetmə cəzasına alternativ cəzalar müəyyənləşdiriləcək. Bu o deməkdir ki, əgər indiyə qədər hər hansı bir cinayətə görə mütləq azadlıqdan məhrumetmə cəzası tətbiq olunurdusa, indi buna alternativ cəza düşünüləcək. Bu, şərti cəza və ya digər alternativ cəzalar ola bilər. İkinci məsələ ondan ibarətdir ki, həbs qətimkan tədbirlərinə də müəyyən alternativ tədbirlər nəzərdə tutulacaq. Elə cinayətlər var ki, onlarla bağlı dərhal həbs qətimkan tədbiri görülür, indi isə, məsələn, girov müqabilində həbs qətimkan tədbirinin dəyişdirilməsi, yaxud ev dustaqlığının verilməsi kimi alternativ cəzaların tətbiqi üzərində işləniləcək".
 
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev öz sərəncamı ilə Milli Məclisə tövsiyə edib və aidiyyəti qurumlara tapşırıqlar verib ki, Azərbaycan qanunvericiliyinə yeniliklər gətirilsin, ümumiyyətlə, yeni qanun layihələri işlənib hazırlansın: "Həmin qanun layihələri ilə xüsusilə ictimai təhlükə törətməyən cinayətlərin, o cümlədən iqtisadi cinayətlərin dekriminallaşdırılması həyata keçirilməlidir. Yəni hər hansı iqtisadi cinayətə görə əvvəllər azadlıqdan məhrumetmə cəzası tətbiq olunurdusa, indi artıq buna alternativ düşünüləcək. Digər mühüm məqamlardan biri budur ki, Azərbaycanda yeni bir xidmət yaranacaq - Ədliyyə Nazirliyinin Probasiya Xidməti. Penitensiar Xidmətdən fərqli olaraq, bu xidmət şərti və alternativ cəzaların çəkilməsinə nəzarəti həyata keçirəcək. Göründüyü kimi, bunun da müəyyən mexanizmləri hazırlanıb".
 
Xəzər TV-nin reportajı
 
A.Quliyev vurğulayıb ki, ən mühüm dəyişikliklərdən biri də ilk dəfə olaraq Azərbaycanda istintaq altında olan şəxslərə elektron nəzarət sisteminin tətbiqi olacaq: "Belə təcrübə bir çox ölkələrdə var. Bu, müxtəlif texniki vasitələrin köməyi ilə həmin şəxslərin rahatlıqla nəzarətdə saxlanmasına imkan verəcək".
 
Millət vəkili əlavə edib ki, bütövlükdə Azərbaycanda cəzaların humanistləşdirilməsi Azərbaycan dövlətinin və Prezidentinin humanist siyasətinin uğurlu davamıdır: "Bu, cəmiyyətdə ictimai barışa, sülh və əmin-amanlığa, vətəndaş və dövlət arasında münasibətlərin inkişafına böyük töhfə verməyə, hər hansı bir səbəbdən cinayət, xüsusilə böyük ictimai təhlükə törətməyən cinayət işləmiş şəxslərin cəmiyyətdən təcrid olunmasını minimuma endirməyə imkan verəcək. Əfv Komissiyasının üzvü kimi deyə bilərəm ki, bu, bütövlükdə Azərbaycanda məhkumluq həyatı yaşamış vətəndaşların gələcəkdə belə bir səhv etmədən, normal həyata qovuşaraq fəaliyyətini davam etdirməsi üçün yeni bir stimul yaradacaq. Bütün bunlar Azərbaycan dövlətinin humanist siyasətinin təntənəsi olacaq".
 
ATV-nin reportajı