Azay Quliyev: "Azərbaycan dövlət xidmətlərinin elektronlaşdırılması istiqamətində böyük nailiyyətlər əldə edib"

21/10/2019 21:19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa Birliyinin təşkilatçılığı ilə keçirilən “Bakı Elektron Ticarət Forumu (BEF – 2019)” Forumunda beynəlxalq təşkilatların, dövlət qurumlarının, QHT-lərin, media qurumlarının nümayəndələri, həmçinin sahibkarlar, investorlar və ekspertlər iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Forumda öz stendi ilə iştirak edərək elektron xidmətlərini təqdim edib.

Beynəlxalq BEF-2019 Forumunun spikerlərindən olan Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbirdə geniş məruzə edib və Şuranın SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemi haqqında təqdimatla çıxış edib.

O deyib ki, regionda informasiya cəmiyyətinə dövlət səviyyəsində keçid etmiş ilk ölkə olan Azərbaycan dövlət xidmətlərinin elektronlaşdırılması istiqamətində böyük nailiyyətlər əldə edib: "Şura göstərdiyi xidmətlərin keyfiyyət səviyyəsinin, eləcə də qəraraların qəbul edilməsi prosesində vətəndaş iştirakçılığının artırılması məqsədilə bu ildən SƏLİS Xidməti istifadəyə verib. Sistem Şuranın göstərdiyi 20 elektron xidməti bir araya gətirir. SƏLİS sayəsində ilk dəfə olaraq layihələrin vətəndaşlar tərəfindən qiymətləndirilməsi və icra olunan layihələrin birbaşa olaraq vətəndaşlar tərəfindən müşahidəsi mümkün olmuşdur".