Azay Quliyev: "ATƏT DTİHB-in mövcud metodologiyasına yenidən baxılmalıdır"

21/02/2019 20:15
ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində assambleyanın üç ümumi komitəsinin birgə iclası keçirilib.
 
Daimi komitənin iclasında ATƏT PA-nın rəhbər strukturlarının başçıları hesabatla çıxış ediblər, parlamentarilər aktual mövzularla bağlı fikir mübadiləsi aparıblar.
 
ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev çıxışında assambleyanın obyektiv olmasının və ayrı-seçkiliyə yol verməməsinin vacibliyini bildirib və bu prinsiplərə əməl edilməsində baş katib Roberto Montellanın rolunu yüksək qiymətləndirib. O, son illər ATƏT PA-nın münaqişələrin həlli istiqamətində göstərdiyi prinsipial mövqeyin formalaşmasında beynəlxalq katibliyin göstərdiyi səyləri də qeyd edib. Sonda Azay Quliyev Roberto Montellanın növbəti 5 illiyə mandatının uzadılmasının vacibliyini bildirib və bu təklifi dəstəkləyib.
 
Həmçinin qeyd edilib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) mövcud metodologiyasına yenidən baxılmalı və ziddiyyətlər aradan qaldırılmalıdır. Bunun üçün büro və beynəlxalq katiblik müvafiq danışıqlara başlamalıdır.
 
Qeyd edək ki, ATƏT PA-nın qış sessiyası fevralın 22-dək davam edəcək.