Heç bir halda təhqir və söyüş siyasi mübarizə metoduna çevrilməməlidir - MÜSAHİBƏ

13/02/2019 18:20
“Təəssüf ki, bəzi hallarda sosial şəbəkələr mədəni ünsiyyət və kommunikasiya funksiyasını itirərək  daha çox problemli insanların, özünü idarə edə bilməyənlərin, separatçıların, terrorçuların, qatillərin və bir sözlə bütün dəyərləri və qanunları tapdalayan adamların  tribunasına  çevrilir”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.
 
A.Quliyev bildirib ki, sosial şəbəkələrdə xalqların, millətlərin adət-ənənələri və mental dəyərləri nəzərə alınmır. Hamımız bilirik ki, söyüş söymək, xüsusilə ailə üzvlərini ağır söyüşlərlə təhqir etmək, alçaltmaq bizim xalq üçün ən ağır və heç vəchlə qəbul edilməyən və bağışlanmayan bir hərəkətdir, naqislikdir. Həm dinimiz, həm  qanunlarımız, həm də beynəlxalq hüquq şəxsiyyətin alçaldılmasını yolverilməz hesab edir və buna görə cinayət məsuliyyətini nəzərdə tutur. Lakin buna baxmayaraq, bu kimi hallar hələ ki, azalmır, belə hərəkətlərə qarşı hər hansı təsirli tədbirlər görülmür, sosial şəbəkələri yaradan şirkətlər də belə qanunsuzluqlara göz yummaqda davam edirlər.
 
“Lakin söyüş və təhqirin cəmiyyətimiz üçün yad element olduğunu, milli genetikamızın bu cür əxlaqsızlığı qəti olaraq rədd etdiyini nəzərə alaraq, bu bəlanı ciddi şəkildə azaltmaq və tədricən aradan qaldırmaq mümkündür. QHT-lərin bu cür həssas məsələlərin həllində rolu çox böyükdür. Hesab edirəm ki, bütün QHT-lər   çalışmalıdır ki, ölkəmiz və xalqımız əleyhinə aparılan bu çirkili oyunun pozulmasında,  “söyüş maşınının”  durdurulmasında daha fəal olsunlar. İnanıram ki, bizim diqqətimizi əsas strateji hədəfdən yayındıraraq bu kimi mənasız işlərə yönləndirməyə cəhd edənlərə QHT-lər təkcə öz prinsipal mövqeləri ilə deyil, həm də dövlət və vətəndaş birliyini və həmrəyliyini daha da möhkəmləndirməklə də cavab verəcəklər”-deyə, A.Quliyev vurğulayıb.