Azay Quliyev: “Problemli kreditlərin həlli təkcə maddi baxımdan deyil, həm də mənəvi-psixoloji baxımdan da çox vacib idi”

02/03/2019 23:52
"Bu gün dövlət vətəndaş bilriyi, iqdidar-vətəndaş həmrəyliyi daha da güclənir və bu islahatların əsasını və motivasiyasını təşkil edir"

Son aylarda Azərbaycan prezidenti İlham Əliyevin sosial-iqtisadi sahədə həyata keçirdiyi kompleks islahatlar, eyni zamanda hüquq-məhkəmə sistemi, şəhərsalma sahəsində həyata keçirəcəyi islahatlarla bağlı verdiyi anonsları, o cümlədən Qarabağ münaqişəsi ətrafında yaranmış durumu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyevlə dəyərləndirdik.
Musavat.com millət vəkili Azay Quliyevin müsahibəsini təqdim edir:
 
- Azay müəllim, son aylarda Azərbaycan prezidenti İlham Əliyev sosial sahədə kompleks islahatlar prosesinə başlayıb. Başlanılan bu islahatların Azərbaycan dövlətinə və cəmiyyətinə əhəmiyyəti barədə bir vətəndaş sektorunun təmsilçisi kimi mövqeyinizi bilmək istərdik. Çünki belə genişmiqyaslı islahatların qısa zaman çərçivəsində həyata keçirilməsi elə də asan görünən məsələ deyil.
 
- Həqiqətən də bu gün biz həyatımızın bütün sahələrində çox ciddi dəyişiklərin və yeniliklərin şahidi oluruq. Keçən ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra cənab İlham Əliyev modern Azərbaycan quruculuğunun yeni mərhələsinin başlanmasının anonsunu verdi və bununla da geniş islahatlar paketinin hazırlanmsına və icrasına başlanıldı. Seçkidən sonra Cənab Prezidentin verdiyi ilk sərəncamın sosial sahədə olması, özü də şəhid ailələrinin sosial şəraitinin yaxşılaşdırılması və onlara müavinətlərin maksimum həcmdə verilməsi ilə bağlı olması da təsadüfi deyildi. Bu sosial sferada atılacaq sonrakı addımların mahiyyətini, istiqamətini və fəlsəfəsini özündə əks etdirən bir mesaj idi. Bu həm də cənab İlham Əliyevin növbəti prezidentlik dövründə sosial və iqtisadi siyasətinin açılımına, müasir və modern Azərbaycanın əsas hədəflərinin və strateji xəttinin nədən ibarət olacağına bir işarə idi. Hal- hazırda biz Prezidentin sosial və iqtisadi platformasının icrasına, ölkənin modernləşməsinin və inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoymuşuq və dövlət başçısının müəyyən etdiyi islahatlar paketinin çox sürətli həyata keçirilməsinin şahidiyik.

Sualınızın ikinci hissəsinə gəldikdə, deməliyəm ki, son aylar sosial sahədə atılan addımları, xüsusilə minimum əməkhaqqının, minimum pensiyanın, sosial müavinətlərin, tələbə təqaüdlərinin ciddi şəkildə artırılmasını, çoxmənzilli binaların sənədləşdirilməsini, vətəndaşların problemli kreditlərlə bağlı yaranmış maliyyə yükünün dövlətin öz üzərinə götürməsi kimi inqilabi qərarlar barədə fasiləsiz danışmaq, onların iqtisadi və sosial üstünlüklərini izah etmək olar. Heç şübhəsiz ki, bütün bunlar və qəbul edilən komleks qərarlar çox cəsarətli addımlardır və onların bir çoxunun dünyada analoqu yoxdur. Nəticədə 3 milyon vətəndaşımız dövlətin ciddi dəstəyi və qayğısı ilə əhatə olundu, onların böyük bir qismi banklara yığılıb qalmış əlavə borclarından azad edildi. Bu məsələnin maddi tərəfidir. Mən istərdim ki, borcların böyük bir hissəsinin dövlət tərəfindən ödənilməsinin və bu istiqamətdə yüzminlərlə məhkəmə çəkişməsinə son qoyulmasının mənəvi-psixoloji aspektləri barədə bir neçə kəlmə deyim. Bilirsiniz ki, borclu olmaq, borcla yaşamaq insana çox böyük mənəvi əzab verir. Borcu ödəyə bilməmək, borca görə uzun illər məhkəmə çəkişmələrində olmaq insanların əsəblərini korlayır, psixoloji sarsıntılar yaradır, səhhətində ciddi problemlərə yol açır, insanın iş qabiliyyətinə mənfi təsir edir və sosial aktivliyini məhdudlaşdırır. Ailədə söz-söhbətə, gərginliyə və arzuolunmaz mühitin yaranmasına gətirib çıxarır. Bu baxımdan hesab edirəm ki, yüzminlərlə vətəndaşın problemli kreditlərin (borcların) cənab Prezident tərəfindən həll edilməsi təkcə maddi baxımdan deyil, ondan daha mühüm olan mənəvi-psixoloji baxımdan da əhəmiyyətli idi. Məhz buna görə bu qərarın dəyəri ölçüyəgəlməzdir, misilsizdir və dövlət başçısının vətəndaşlara göstərdiyi əvəzolunmaz qayğının və dəstəyin nümunəsidir. Bu gün milyonlarla vətəndaşımız bu sevinci yaşayır və buna görə seçdikləri Prezidentə təşəkkürlərini və minnətdarlıqlarını bildirirlər.
 
- Ancaq etiraf edək ki, bütün bunları etmək asan deyil və bu addımları atmaq dövlətimizə necə müəssər olur?
 
- Tamamilə razıyam ki, bunların heç biri asan məsələ deyil və bunun üçün aydın siyasətə və konkret vizyona sahib olmalısan. Həqiqətən bu cür çətin və mürəkkəb islahatları həyata keçirmək və qarşıya qoyulan strateji hədəfə çatmaq çox böyük səy tələb edir və bir çox Avropa ölkələrində demək olar ki, bu mümkünsüz görünür. Son vaxtlar atılan bütün addımları və verilən qərarları analiz edib belə bir nəticəyə gəlirsən ki, bu islahatları aparmaqla cənab Prezident ölkədə sosial ədalət prinsipinin daha güclü, daha effektiv formada bərqərar olmasını, vətəndaşlarımızın layiqli həyat şəraiti ilə tam təmin olunmasını və onların sosial vəziyyətinin köklü şəkildə dəyişməsini qarşıya məqsəd qoyub. Bu islahatları uğurla həyata keçirmək üçün təkcə iqtisadi baza və ya maliyyə mənbəyi kifayət deyil, belə çətin bir vəzifənin öhdəsindən gəlmək üçün həm də ciddi siyasi iradə, sözünü tutmaq bacarığı və xalqa sonsuz sevgi tələb olunur. Heç uzağa getməyək, 6 aydır Fransa əhalisi küçələrə tökülüb dövlətdən sosial islahatların keçirilməsini və həyat şəraitlərinin yaxşılaşdırılmasını tələb edir, hökumətin güzəştə gedərək maaşlarının heç olmasa 100 avro artırılmasını xahiş edirlər. Ancaq hökumət onlarla vətəndaşın ölümünə, yüzlərlə fəalın həbsinə və minlərlə nümayişçinin yaralanmasına razı olur, ancaq maaşları artırmır və ya artıra bilmir. Bu misalı və müqayisəni ona görə edirəm ki, hər bir azərbaycanlının prezidenti olmağı öz konkret əməli və addımları ilə sübut edən İlham Əliyevlə, Fransa prezidenti Makronun öz vətəndaşlarına yönəlik siyasətinin fərqini və mahiyyətini oxucuya bir daha xatırladım.

Əlbəttə, bizim öz yolumuz var, Avropada baş verən hər hansı bir mənfi hal bizə nümunə ola bilməz. Hələ biz yaxın günlərdə cənab Prezidentin dediyi kimi daha təsirli islahatların və yeniliklərin şahidi olacağıq.
 
- Azay müəllim, ölkə başçısının bu islahatları bəzi Azərbaycanı sevməyən qüvvələrin qısqanclığına səbəb olduğundan, onlar tərəfindən bu islahatların həyata keçirilməsi prosesini durdurmaq, buna kölgə salmaq və ölkədə sabitliyi pozmaq istiqamətində də cəhdlər oldu. Buna baxmayaraq bu islahatlar daha sürətlə həyata keçirilməyə başladı. Bu barədə nə demək istərdiniz?
 
- Təəssüf ki, biz bu gün vətəndaşların maraqlarına tam olaraq cavab verən bu kimi qərarlara və aparılan köklü islahatlara marginallaşmış və reallıq hisslərini itirmiş bir qrup tərəfindən cılız münasibətin şahidi oluruq, onlar bu nəcib işləri gözdən salmağa və ya hansısa toplantıya bağlamağa çalışırlar. Bu adamların yazdıqları və dedikləri təkcə yumor hissi yaratmır, həm də ikrah doğurur. Peşəkar siyasətlə məşğul olanlar və ya olmaq istəyənlər, sözlərinin dəyərini bilənlər özlərini bu qədər qeyri-ciddi və rəzil vəziyyətə salmazlar, ölkədə hər nə müsbət varsa əvvəl inkar edib, sonra da öz adlarına yazmazlar. Baxmayaraq ki, bu gün Prezidentin həyata keçirdiyi bütün islahatlardan və qəbul etdiyi qərarlardan hamı kimi onlar da faydalanır. Lakin bunu bilərəkdən gözardı edirlər, guya hər şeyi inkar etməklə müxalifətçilik etmək istəyirlər, ancaq bunu da edə bilmirlər, sivil mübarizəni aparmağı bacarmırlar, söyürlər, təhqir edirlər, açıq böhtan və yalana əl atırlar. Amma səmimi deyim ki, mən bunlara əhəmiyyət verilməsinin tərəfdarı deyiləm.

Onsuz da Azərbaycanın bədxahları həm daxildə, həm də xaricdə hər zaman olub və bundan sonra da olacaqdır. Onların məqsədi ölkəyə problem yartamaq və hər fürsətdəcə zərbə vurmaq, dövləti zəiflətmək və beynəlxalq imicini korlamaq olub və bu fəaliyyət indi də davam edir.

Lakin, əsas məsələ odur ki, bu gün cənab Prezdent ölkədə ciddi dəyişiklər edir, köklü islahatlar aparır, vətəndaşların qayğısına qalır, onların problemlərini həll edir, sosial vəziyyətini yaxşılaşdırır, köməyə ehtiyacı olana yardım edir. Vətəndaşlarımız da bunu yüksək qiymətləndirir və Prezidentlərini dəstəkləyir. Bu gün dövlət vətəndaş birliyi, iqtidar- vətəndaş həmrəyliyi daha da güclənir və bu islahatların əsasını və motivasiyasını təşkil edir.
 
- Ölkə başçısı Azərbaycan cəmiyyətini narahat edən daha bir sahədə, məhkəmə-hüquq sistemində islahatlara başalayacağının anonsunu verdi. Bu islahatlar özündə nəyi ehtiva edəcək?
 
- Söhbətimizin əvvəlində də qeyd etdiki, Prezidentin hədəfində müasir və modern dövlət quruculuğu kimi mühüm bir vəzifə var. Bu vəzifənin icrası kompleks yanaşma tələb edir. Bu baxımdan cənab Prezident çox haqlı olaraq bütün sahələrdə islahatların davam edəcəyini, o cümlədən məhkəmə-hüquq sisteminin bu islahatların tərkib hissəsi olacağını qeyd etdi. Təbii ki, bu qərar ictimaiyyət tərəfindən bir mənalı şəkildə təqdir olunur və dəstəklənir.

Məhkəmə-hüquq sisteminin daha şəffaf, ədalətli olması, vətəndaşların məhkəmə-hüquq sisteminə etimadının artırılması istiqamətində indiyə qədər xeyli işlər görülüb, lakin görülən işlərlə kifayətlənmək olmaz və bu sahədə islahatları dərinləşdirməyə və movcud problemləri həll etməyə ehtiyac var. Cənab Prezident məhz bu zərurəti nəzərə alaraq, yeni islahatlar haqqında qərar verib.
 
- Şəhərsalama istiqamətində də islahatalar başlayacaq. Siz necə düşünürsünüz, cəmiyyəti daha ciddi narahat edən məsələlərədən biri də fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı olan məsələdir. Bu istiqamətdə hər hansı addımlar ola bilərmi?
 
-Son 15 ildə respublikanın bütün yerlərində böyük tikinti quruculuq işləri gedib. Bununla bərabər bu sahədə problemlər də mövcuddur. Bəzi hallarda tikinti işləri plansız şəkildə həyata keçirilir. Artıq Prezident də bəyan etdi ki, bu sahədə nizam-intizam yaratmaq, şəhərimizin gözəlliyinə xələl gətirən tikintilərin qarşısını almaq üçün adekvat addımların atılmasına ehtiyac var. Dünən mədəniyyət və incəsənət xadimləri ilə keçirilən görüşdə cənab Prezident bu problemə bir daha toxundu və orada səsələnən təkliflərin nəzərə alınacağını qeyd etdi.

Əlbəttə, şəhərsalma sahəsində nizam-intizamın yaradılması və yeniliklərin tətbiqi inşaat sektorunun inkişafına mane olmamalı, əksinə bu sahəyə təkan verməlidir. Çünki inşaat sektorunda xeyli sayda insan çalışır. Ona görə də inşaatla bağlı razılaşdırma sahəsində hər hansı bir ləngimə və durğunluq olmamalıdır. Bunun üçün çevik yanaşmaya, qərarların çevik şəkildə qəbul olunmasına ehtiyac var. Prezidentin dünən səsləndirdiyi fikirlərdə də bunlar qeyd olunub. Düşünürəm ki, biz növbəti mərhələdə fərdi evlərin reysterə salınması və sahiblərinin tamhüquqlü mülkiyyətinə verilməsi ilə bağlı da qərarların şahidi olcağıq.
 
- Azay müəlim, son sualımız Paşinyanın bəyanatları və münaqişənin həlli ilə bağlı mövqeyi haqqında olacaq. Paşinyan İrana səfərində bildirdi ki, işğal altında torpaqların geri qaytarılmasından belə söhbət gedə bilməz. Bu fikirləri Ermənistanın digər rəsmiləri də səsləndirirlər. Belə olan şəraitdə danışıqlar prosesinin davam etdirilməsinə lüzum varmı?
 
- Əvvəla onu deyim ki, işğalçı Ermənistanın baş naziri Paşinyanın İrana səfəri və orada çox rahatlıqla ölkəmiz əleyhinə verdiyi bəyanatlar, “Qarabağ Ermənistanındır” kimi cəfəng şüar altında erməni icması ilə görüşün təşkili İran-Azərbaycan dostluğuna, ən azından İran rəhbərlərinin “Azərbaycan bizim üçün dost və qardaş ölkədir” bəyanatının ruhuna ziddir. Belə biz mənzərənin şahidi olmaq bizim üçün çox üzücüdür. Heç kimə sirr deyil ki, bu gün Ermənistanın ayaq üstündə qalmasına və torpaqlarımızın işğalını davam etdirməsinə dəstək olan bir çox amillər və ölkələr içərisində İranın da payı az deyil. 

O ki qaldı Paşinyanın bəyanatına, açığı, məndə belə bir təsəvvür yaranıb ki, bu adam sülh prosesinə məsuliyyətlə yanaşmır, nə istədiyinin və nə danışdığının fərqinə varmır. Gah danışıqların formatını dəyişməyə, separatçıları masa ətrafında oturtmağa cəhd edir, gah da xarici işlər nazirini görüşə göndərir, cənab Prezident İlham Əliyevi görən kimi isə ona yaxınlaşaraq ikitərəfli danışıqlara hazır olduğunu bildirir. Paşinyanın hərəkət və davranışlarından belə bir nəticəyə gəlmək olur ki, o, ya daxili ictimai rəydən və rəqiblərindən ehtiyat edərək rəsmi danışıqlardan fərqli mövqe sərgiləmək və pafoslu danışmaq məcburiyyətindədir, ya da bu adam sadəcə səmimi deyil, qeyd etdiyim kimi, məsələnin ciddiyətini və məsuliyyətini tam anlamır. Hesab edirəm ki, hər iki vəziyyət Ermənistan üçün təhlükəlidir və erməni xalqına yaxşı heç nə vəd etmir. Çünki necə deyərlər, “divar qurtarandan” sonra Paşinyan və onun komandası konkret və dəqiq mövqe sərgiləmək və sərgilədiyi siyasətin nəticələrinə qatlanmaq zorunda qalacaq. Bu baxımdan Paşınyanın vaxtı getdikcə daralır.

Ümid edirəm ki, yaxın günlərdə və ya həftələrdə gözlənilən rəsmi görüşlər baş tutacaq, Ermənistan rəhbərliyinin münaqişə ilə bağlı mövqeyinə və siyasətinə tam aydınlıq gətiriləcək və biz də buna uyğun olaraq atacağımız sonrakı addımları bir daha nəzərdən keçirəcəyik.