Azərbaycanla ATƏT arasında “Dezir problemi”

08/07/2020 12:45

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev problemin həlli yolunu göstərdi

Azərbaycan ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı məsələləri üzrə nümayəndəsi vəzifəsinə növbəti üç il üçün fransalı Arlem Dezirin mandatının təsdiqlənməsinə razılıq verməyib. Nəticədə məsələ həll olunmamış qalıb. Məsələnin bu şəkil almasını qalmaqala çevirmək istəyənlər də var. Belə ki, “Sərhədsiz Reportyorlar” bəyanat verib, Milli Şura da bunu Azərbaycanın əleyhinə kampaniyaya çevirib.

ATƏT Parlament Assambleyasında Azərbaycan nümyəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Arlem Dezirin Azərbaycana yönəlik qeyri-adekvat və qərəzli mövqeyinin dəfələrlə şahidi olmuşuq: “Bilirsiniz ki, ATƏT-in vəzifəli orqanları, baş katib, mətbuat azadlığı üzrə nümayəndə, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru və Milli Azlıqlar üzrə ali komissarın mandatı üç ildən bir yenilənir. Hazırda 4 nəfərin mandatı da iyulun 17-də başa çatacaq. Onların mandatı ya təzələnməlidir, ya da həmin vəzifəyə seçkilər keçirilməlidir, vakansiya elan olunmalıdır. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, 4 mandatdan üçü yenilənə bilər. Bu aiddir baş katibə, Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoruna və Milli Azlıqlar üzrə Ali Komissara. Ancaq media azadlığı üzrə nümayəndənin mandatının yenilənməsinə biz etiraz edirik. Təkcə biz yox, ATƏT-də daha bir neçə ölkə etiraz edir. Səbəb də budur ki, Dezir  bu mandatdan sui-istifadə etdi, onun mahiyyətini tam başa düşmədi və  mandatdan nəzərdə tutulmuş istiqamətlər üzrə istifadə etmədi. ATƏT-in prinsiplərinə və dəyərlərinə hörmətsizlik edərək ayrı-ayrı ölkələri özünün siyasi dünya görüşünə və yanaşmasına uyğun olaraq əsassız yerə hədəfə aldı.  Sonra da həmin ölkələrə qarşı açıq-aşkar qərəzli və ikili standartlarla müşahidə olunan mövqe sərgilədi. Mən bəri başdan deyim ki, Azərbaycanın yanaşması heç bir halda Dezirin daşıdığı mandata qarşı deyil. Yəni biz heç bir halda media azadlığı üzrə nümayəndənin mandatında nəzərdə tutulan fəaliyyətinin həyata keçirilməsinə qarşı deyilik. Biz həmişə bu cür qurumlarla əmkdaşlıq etmişik. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda prezident və parlament seçkilərini müşahidə edir. Onun verdiyi hesabatlarda, əlbəttə, bizim razılaşmadığımız bir çox məsələlər də, əsaslı tənqidlər də var. Biz bunlarla bağlı öz fikirlərimizi, iradlarımızı bildiririk. Amma bununla yanaşı, düşünürük ki, bu təsisatla əməkdaşlığımızı davam etdirməliyik. İndi də ən çox tənqi edən qurumlardan biri adını çəkdiyim qurumdur və biz onunla əməkdaşlığımızı daha da genişləndirnək niyyətindəyik. Yəni demək istəyirəm ki, Dezirin mandatının yenilənməsini biz Azərbaycana qarşı tənqidlərə görə yox, Azərbaycana qarşı davamlı qərəzli mövqeyinə, mandatından kənara çıxmasına görə istəmirik”.

Azay Quliyev vurğuladı ki, Dezirin fəaliyyəti tənqid yox, Azərbaycana qarşı açıq-aşkar qarayaxma kampaniyası idi. Necə olur ki,  Ermənistanda onlarla jurnalistlər həbs olunur, döyülür və yaxud Mqer Yeqizaryan kimi jurnalist həbsxanada 54 gün quru aclıq aksiyası keçirir və nəhayətdə ölür, Dezir bu məsələlərlə bağlı bir dəfə də olsun bəyanat vermir, beynəlxalq təşkilatları səfərbər olmağa səsləmir. Ancaq Azərbaycanda kiçik bir hadisəni və ya  saxta məlumatlar əsasında verilmiş hesabatları ölkəmizə qarşı böyük bir qarayaxma kampaniyasına çevirir. ATƏT PA-nın vitse-prezidenti problemin həlli yolunun olduğunu da göstərdi: “Bugünkü vəziyyət onu deməyə əsas verir ki, Azərbaycan Dezirin mandatının yenilənməsinə konsensus verməyəcək. Bu barədə ATƏT PA-nın Daimi Komitəsinin iclasında da məlumat vermişəm. Yaxşı olardı ki, ATƏT-ə sədrlik edən Albaniya vaxt itirmədən ATƏT-in media azadlığı üzrə nümayəndəsi vəzifəsinə vakansiya elan etsin, yerdə qalan üç vəzifə isə təsdiq olunsun. Sizi əmin edirəm ki, Azərbaycan ATƏT-in media azadlığı üzrə təyin olunacaq yeni nümayəndəsi ilə sıx əməkdaşlıq etməyə hazırdır. Yeganə bizim istəyimiz odur ki, bütün bu əməkdaşlıqlar ATƏT-in prinsiplərinə, dəyərlərinə uyğun şəkildə həyata keçirilsin, ATƏT-in müəyyən etdiyi mandata uyğun təşkil olunsun, Azərbaycan haqsız olaraq hədəfə alınmasın. Bizim mövqeyimiz beynəlxalq hüquqa tam uyğundur. Biz bu hüquqmuzdan istifadə etmişik. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dəfələrlə söylədiyi kimi, heç kim Azərbaycana qarşı hədə-qorxu, təhdid və güc dilində danışa bilməz, heç kim Azərbaycanın da razılığı ilə verilmiş  mandatdan ölkəmizə qarşı sui-istifadələrə yol verə bilməz. Azərbaycan ATƏT-in bütün institutları, o cümlədən ATƏT PA ilə çox yaxında əməkdaşlıq edir, ATƏT-in dəyərlərinin və prinsiplərinin həyata keçirilməsinə çox ciddi töhfələr verir və bu proses bundan sonra da davam edəcəkdir. Lakin Azərbaycan müstəqil və suveren  ölkə kimi ona qarşı olan haqsızlığa və ədalətsizliyə qarşı adekvat münasibət bildirmək hüququnu da özündə saxlayır”.

Mənbəyə keçid:

https://www.musavat.com/news/azerbaycanla-atet-arasinda-dezir-problemi_716231.html