Azay Quliyev Rumıniya parlamentinə təşəkkür edib

30/07/2020 17:42
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Rumıniya Parlamentinə təşəkkür edib.
 
Azvision.az xəbər verir ki, Azay Quliyev bununla bağlı "Facebook" səhifəsində paylaşım edib.

"İyulun 12-də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzə münasibət bildirən və Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini birmənalı dəstəkləyən Rumıniya parlamentinə, Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri cənab Viktor Paul Dobreyə təşəkkür edirəm.

Bu gün bizə göndərdiyi məktubda Avropa İttifaqının üzvü kimi Rumıniyanın Ermənistanın hərbi təcavüzü və təxribatı ilə bağlı bu cür obyektiv mövqeyini görmək təqdirəlayiqdir. İnanıram ki, xarici ölkələrin parlamentlərində və beynəlxalq təşkilatlarda münaqişə ilə bağlı obyektiv və ədalətli mövqeyin günü-gündən möhkəmlənməsi Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları, xüsusilə ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həllini sürətləndirir, işğalın heç bir siyasi perspektivi olmadığını bir daha Ermənistana xatırladır".
 
Mənbəyə keçid: