Cenevrə görüşündə iki əsas məqam: Döyüşlər davam edəcək

01/11/2020 23:19

Cenevrə görüşü Azərbaycan üçün faydalı oldu. Siyasi və informasiya baxımından Azərbaycanın mövqeyi ifadə edildi. Tərəflər razılaşdılar ki, qəsdən, düşünülmüş şəkildə mülki əhalini və mülki obyektləri hədəf almasınlar.

Bu fikirləri Telerqaf.com-a açıqlamasında Azərbaycanın ATƏT PA-da Nümayəndə Heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev bilidirib.

Onun sözlərinə görə, Azərbaycan hazırda erməni vəhşiliyindən zərər çəkir: “Şəhərlərimiz, kəndlərimiz erməni silahlıları tərəfindən intensiv raket hücumuna məruz qalır. Bu müddəaların qeyd olunması Azərbaycanın xeyrinə olan bir prinsipdir. Digər mühüm məsələ isə cəsədələrin təhvil verilməsi ilə bağlıdır”.

Millət vəkili qeyd edib ki, neçə müddətdir işğaldan azad edilmiş ərazilərdə yığılıb qalmış erməni cəsədlərinin təhvil verilməsinə çalışılırdı: “Dəfələrlə bu istiqamətdə cəhdlər oldu. 10-15 gündür ki, Beynəlxalq Qırmızı Xaç komitəsi də bu işə cəlb edilib. Amma Ermənistan buna razılıq vermirdi. Nəhayət, 2 gün öncə buna razılıq verdilər. Azərbaycan maraqlıdır ki, bu cəsədlər Ermənistana təhvil verilsin. Bu ərazinin ekoloji təmizliyi ilə bağlı olsa da bunun siyasi tərəfi də var. Erməni xalqı hakimiyyətlərinin onlara nə qədər yalan danışdıqlarını görəcək. Görsünlər ki, onların övladları başqa ölkə ərazisində ölümə göndərilir”.

Azay Quliyev vurğulayıb ki, bu iki məqam Cenevrə görüşündə ATƏT tərəfindən yayılan sənəddə də öz əksini tapıb: “Cenevrə görüşündə digər məsələlər isə atəşkəslə bağlı olan prinsiplərdir. Amma bunun heç bir əhəmiyyəti yoxdur. Çünki döyüş meydanında ağır zərbələr alan N.Paşinyan xalqını aldadır. Ona görə də, Ermənistan tam kaputilyasiya olunana qədər döyüşlər davam edəcək. Minsk qrupunun həmsədrləri də bunun fərqindədir.

Millət vəkilinin sözlərinə görə, bu gün Ermənistan yeni bir yalan ortaya atıb: “Onların iddiasına görə, Azərbaycan fosforlu silahlardan istifadə edib. Azərbaycan bu iddianı təkzib edib və növbəti erməni təxribatı kimi dəyərləndirib. Artıq ermənilər fosforlu silahla dolu avtomobilləri Xocavənd istiqamətində gətirmək istəyir. Məqsəd Azərbaycan hərbiçilərinə və mülki şəxslərə qarşı bundan istifadə etməkdir. Eyni zamanda işğal edilmiş ərazilərdə ermənilər bunu istifadə edərək Azərbaycan tərəfini günahlandırmağa çalışacaq. Ona görə də, Azərbaycan ictimaiyyəti diqqətli olmalıdır. Artıq ermənilər məğlub olacaqlarını bilir. Ona görə də, döyüş haqqında düşünmürlər. Düşündükləri yeni bir təxribat, terror törətməkdir”.

Deputat əlavə edib ki, ermənilər öz məğlub durumlarını dərk edir: “Çalışırlar ki, Azərbaycanın azadetmə missiyasını dayandırsınlar. Bütün bunlara baxmayaraq, yaxın günlərdə Azərbaycan işğala son qoyacaq”.