Milli Məclisin deputatı Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında seçiciləri ilə növbəti görüşünü keçirib.
Deputat seçicilərin sosial, məşğulluq, əmək, mənzil və əmlak məsələləri ilə əlaqədar müraciətlərini dinləyib.
Seçicilərin qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər müraciətlərin də həlli ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Görüşdə iştirak edən seçici Bahar Əliyeva, S.S.Axundov küçəsi 3, 3A və 3B binalarının sakinləri adından deputat Azay Quliyevə ünvanlanan təşəkkür məktubunu təqdim edərək qeyd edib ki, son 2 il ərzində mövcud olan və onları ciddi narahat edən problem Azay Quliyevin müdaxiləsi ilə aradan qaldırılıb.
Qəbulda Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov və Binəqədi rayon Məşğulluq İdarəsinin rəisi Anar Bağıyev də iştirak edib.