Müasir Azərbaycan diplomatiyasının memarı

12/05/2017 17:46
Hər bir inkişaf etmiş dövlətin və xalqın tarixində olduğu kimi, Azərbaycan xalqının tarixində və taleyində müstəsna rol oynamış, müstəqil Azərbaycan Respublikasını qurmuş, onun gələcək uğurlarının möhkəm təməllərini yaratmış, uzaqgörən siyasətçı, dahi şəxsiyyət və titanik fəaliyyəti ilə ölkəmizi dünyada tanıtmış Ulu öndər Heydər Əliyev kimi dövlət xadimi vardır. Zaman keçdikcə belə şəxsiyyətlər mənsub olduğu xalqın sərhədlərini aşaraq bütün regionun həyatında ehtiyac duyulan fenomenal siyasi liderə çevrilirlər. Ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq Sovetlər Birliyində tutduğu yüksək dövləti vəzifələrində kommunist partiyasının və totalitar rejimin müəyyən etdiyi dar çərçivələrdən cəsarətlə kənara çıxaraq Öz xalqının milli mənafelərini müdafiə etməyi və qorumağı bacaran, fəaliyyəti ilə növbəti onilliklərin siyasi xəritəsini müəyyən edən Heydər Əliyev məhz bu cür şəxsiyyətlərdəndir.
 
XX əsrin 90-ci illərinin əvvəllərində dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası siyasi, hərbi, sosial və ictimai ziddiyyətlərin məngənəsinə salınmış, naşı siyasətbazların əlində idarəolunmaz hala gətirilmiş, vətən torpağının bir hissəsi işğal olunmuş, ölkə vətəndaş müharibəsinə sürüklənmiş və insanların sabaha inamı sarsıdılmışdı.
 
Belə bir çətin və çıxılmaz şəraitdə hamı gözünü mahir və təcrübəli siyasətçi, görkəmli dövlət xadimi, siyasi təbəddülatların fövqündə dayanmağı bacaran, bütün mənalı ömrünü Azərbaycan xalqına həsr etmiş Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevə dikmişdi.
 
1993-cü ilin iyununda cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, ziyalılar, yüksək vəzifəli hökumət təmsilçiləri və bütövlükdə Azərbaycan xalqı təkidlə Heydər Əliyevi Bakıya, yaranmış çətin və mürəkkəb siyasi vəziyyətdə məsuliyyəti üzərinə götürməyə və dövlət sükanı arxasına keçməyə dəvət etdilər. Ölkə vətəndaşları xilas yolunu ancaq Heydər Əliyevin hakimiyyətə gəlməyində görürdülər. Xalq yanılmadı. Ulu öndər Heydər Əliyev xalqın etimadını doğruldaraq qısa müddət ərzində alovlanan vətəndaş müharibəsini dayandırdı, ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, idarəetmədə hərc-mərcliyi və anarxiyanı aradan qaldırdı, etnik separatizm ocaqlarını söndürdü, hakimiyyət uğrunda silahlı mübarizə ənənəsinə son qoydu, dərinləşən iqtisadi böhranın qarşısını aldı, nizami ordu quruculuğuna başladı və bir sözlə, Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi.
 
Ulu öndər Heydər Əliyevin müasir, demokratik və qüdrətli Azərbaycan dövləti quruculuğu prosesində əldə etdiyi nailiyyətlərin əsas səbəblərindən biri də həyata keçirdiyi daxili siyasəti yüksək peşəkarlıq və uğurla xarici siyasətlə tamamlamaq bacarığı idi. Mahir diplomat və siyasət ustası olan Heydər Əliyev gözəl bilirdi ki, dövlətlərin qəbul etdiyi əsas prinsiplər, atdığı çevik və qətiyyətli addımlar, qlobal çağırışlara verdiyi adekvat cavablar onun beynəlxalq arenada oynadığı rolun əhəmiyyətini müəyyən etmiş və şərtləndirmiş olur. Bu cür siyasi transformasiyalar hələ Sovetlər İttifaqının bir hissəsi olduğu dövrdə də Azərbaycanın gələcəyinə və inkişafına təsirsiz ötüşmürdü. 
 
Dünya tarixinin müasir mərhələsi olan XX əsrin sonlarında SSRİ-nin dağıldığı, Balkanlardan Qafqazadək böyük siyasi və iqtisadi böhranların hökm sürdüyü dövrdə Heydər Əliyev zəngin dövlətçilik təcrübəsindən çıxış edərək Azərbaycanın yüksək dəqiqliklə işlənib hazırlanmış uğurlu və çevik xarici siyasət kursunun əsasını qoydu.
 
Ulu öndərin müəyyən etdiyi xarici siyasət doktrinasının əsas məqsədi yeni müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını dünya ölkələrinə tanıtmaq, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasını təmin etmək, müxtəlif dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq münasibətləri yaratmaq, bütün istiqamətlərdə mili maraqları qorumaq və ən əsası pozulmuş ərazi bütövlüyümüzü bərpa etmək idi. Heydər Əliyev Azərbaycanın yaxın və uzaq ölkələrlə dostluq əlaqələrinin qurulmasına, beynəlxalq ictimaiyyətdə dövlətimizin adının, bayrağının tanıdılmasına böyük əhəmiyyət verirdi. 1991-1993-cü illərdəki səriştəsiz AXC-“Musavat” hakimiyyətinin buraxdığı ciddi səhvlər səbəbindən uzun müddət tarixi əlaqələrə malik olduğumuz, vahid geosiyasi məkanda yerləşdiyimiz qonşu ölkələrlə əlaqələrin pozulması dövlətimizin maraqlarına ciddi ziyan vurmuşdu. Buna görə də ilk olaraq yaxın qonşularla, müstəqil olmuş postsovet dövlətlərlə siyasi və iqtisadi əlaqələr qurulmağa başlanıldı.
 
Heydər Əliyev Ermənistanın işğalçılıq siyasətini ifşa etməyi, yüz illər boyu kök salmış erməni yalanlarını üzə çıxarmağı, Azərbaycan həqiqətlərinin olduğu kimi dünyaya çatdırmağı və ölkəmizə hər-tərəfli marağı təmin etməyi xarici siyasət kursunda bir vəzifə kimi müəyyənləşdirmişdi.
 
Keçən əsrin 90-cı illərin ortalarında çox az maddi və texniki imkanlara, o cümlədən insani resurslara malik olan diplomatiyamız tam gücü ilə çalışırdı ki, torpaqlarımızın işğalı faktı dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınsın, beynəlxalq səviyyədə qəbul olunan sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, siyasi suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi müdafiə olunsun. Bəzən Ulu öndər bu istiqamətdə ayrı-ayrı diplomatların görməli olduğu bir çox işləri üzərinə götürərək onu böyük fədakarlıqla, yüksək vətən sevgisilə, mahir diplomat bacarığı və peşəkar siyasətçi fəhmi ilə həll edirdi. Heydər Əliyevin xarici ölkələrə etdiyi səfər və keçirdiyi görüşlər zamanı əlində çubuq zəbt edilmiş Dağlıq Qarabağı və ətraf rayonları xəritə üzərində bir-bir göstərdiyini və onlar haqqında auditoriyaya necə ətraflı məlumat verdiyini biz hamımız yaxşı xatırlayırıq.
 
Ulu öndərin dövlət başçısı kimi atdığı addımlar, səfər etdiyi hər bir ölkədə apardığı danışıqlar və səsləndiridiyi bəyanatlar, regionundakı real vəziyyətlə bağlı etdiyi siyasi təhlillər və verdiyi proqnozlar, nəhayət şəxsi nüfuzu və xarizması nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyətdə rəy müsbətə doğru, yəni Azərbaycanın xeyrinə dəyişməyə başladı. Heydər Əliyev BMT-də, İslam Konfransı Təşkilatında, ATƏT-də, NATO-da, Avropa Şurasında, MDB-nin, GUAM-ın (GUÖAM), türkdilli ölkələrin dövlət başçılarının görüşlərində və bir çox mühüm beynəlxalq tribunalarda etdiyi çıxışlarında BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrə (822,853,874,884) rəsmi İrəvanın riayət etməməsi, törətdiyi çoxsaylı cinayətlərlə bütün beynəlxalq, ümumbəşəri norma və qaydaları pozmasını aydın və qətiyyətli şəkildə səsləndirirdi.
 
Təsadüfi deyil ki, Ulu öndər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mandat verilmiş ATƏT-in Minsk qrupu və onun həmsədrləri ilə 1993-2003-cü illər ərzində ümumilikdə 150 görüş keçirmişdir. Ermənistan prezidentləri ilə isə 23 dəfə görüşmüşdür. Bu statistika Heydər Əliyevin qeyd olunan istiqamətdə nə qədər gərgin şəkildə çalışdığının, münaqişəni Azərbaycanın milli maraqları çərçivəsində sülh yolu ilə, ədalətli formada həll etmək istəyinin göstəricisidir.
 
Heydər Əliyevin çevik və düzgün hesablanmış diplomatik manevrləri sayəsində 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” barədə qərar qəbul edilmişdi. Lissabonda 2-3 dekabr 1996-cı il tarixində keçirilən ATƏT-in Zirvə toplantısında qəbul edilmiş sənəd isə münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi əsasını təşkil etməklə, problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək yolunda böyük siyasi nailiyyət idi.
 
Heydər Əliyevin diplomatik fəaliyyətinin və siyasi iradəsinin çoxsaylı nailiyyətlərindən biri olan bu sənə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 3 əsas prinsipi özündə əks etdirmişdir:
1) Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması;
2) Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarəetmə statusunun verilməsi;
3) Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi. ATƏT-in sədri və İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilmiş bu bəyanat ATƏT üzvü olan 53 dövlət tərəfindən müdafiə olunmuşdur. Sənəd eyni zamanda Lissabon sammitinin Yekun sənədlərinə də əlavə edilmişdir.
 
Ulu öndər Heydər Əliyev İslam həmrəyliyinin və müsəlman dünyasının ölkəmizə verəcəyi dəstəyi və faydanı dəqiq hesablayaraq bu istiqamətdə bir sıra vacib qərarlar qəbul etdi. 1994-cü ilin may ayından etibarən Heydər Əliyevin Sərəncamına əsasən Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İslam Konfransı Təşkilatının (İKT) Baş Katibliyi yanında daimi nümayəndə olmaq səlahiyyəti verildi. Bundan sonra İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli əməkdaşlıq münasibətləri başlanıldı. Qeyd edək ki, Azərbaycan Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətilə ilk dəfə olaraq dövlət başçısı səviyyəsində İKT-nin Kasablanka görüşündə (13-15 dekabr 1994) təmsil olunub. İKT-nin VII Zirvə görüşünün yekun sənədinə Ermənistanı Azərbaycana qarşı təcavüzdə ittiham edən bəndlər salınıb. Bu isə İslam dünyasının Ermənistanı işğalçı dövlət kimi tanıması baxımından çox mühim bir hadisə idi.
 
Heydər Əliyevin xarici siyasət kursunun əsas istiqamətlərindən biri də ölkəyə investisiyaların cəlb edilməsi, milli maraqlarımıza uyğun neft strategiyasının hazırlanaraq həyata keçirilməsi, xarici ticarət dövriyyəsinin artırılması, müasir elm və texnologiyaların mənimsənilməsi idi. Bu baxımdan Heydər Əliyevin ilk xarici səfərini 19-22 dekabr 1993 tarixində Fransaya etməsi diqqəti cəlb edir. Səfər zamanı Fransa və Azərbaycan arasında dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə imzalandı. Ulu öndər Parisdə olan zaman ATƏM-in əsas sənədlərindən olan, Şərqi Avropanın sosialist və keçmiş sovet respublikalarının demokratiya və bazar iqtisadiyyatına keçidini nəzərdə tutan “Paris Xartiyası”na Azərbaycanın qoşulması Avropa məkanında böyük rəğbətlə qarşılandı. Heydər Əliyev bu səfəri ilə Ermənistanın mövqeyini açıq şəkildə müdafiə edən Fransanın neytrallaşdırılması və onun birtərəfli mövqedən çəkindirilməsi istiqamətində mühüm siyasi addım atmış oldu. Eyni zamanda bu səfərdən sonra Fransa şirkətlərinin “Əsrin müqaviləsi” çərçivəsində Azərbaycandakı karbohidrogen ehtiyatlarının işlənməsinə sərmayə qoyması reallaşdırıldı.
 
Ulu öndərin xüsusi əhəmiyyət kəsb edən və uğurlu xarici səfərləri kimi 1994-cü ildə Böyük Britaniyaya və 1997-ci ildə ABŞ-a etdiyi səfərləri xüsusilə qeyd etmək lazımdır. 1994-cü ilin 19-23 fevral tarixlərində Böyük Britaniyada səfərdə olan zaman iki ölkə arasında təhsildə, elmdə və mədəniyyətdə əməkdaşlığa dair, kommunikasiyada anlaşma və enerji əməkdaşlığı memorandumu barəsində sazişlər imzalanmışdır. Bu səfər “Əsrin müqaviləsi”nin imzalanması və iki dövlət arasında yaranmış strateji münasibətlərin sağlam əsasının qoyulması baxımından tarixi əhəmiyyətə malik idi.
 
19-24 iyul 1998-ci il tarixində Ulu öndərin Böyük Britaniyaya ikinci rəsmi səfəri olub. Bu səfər çərçivəsində də mühüm sənədlər - dostluq və tərəfdaşlıq haqqında birgə bəyannamə, neft və qaz hasilatının pay bölgüsü haqqında üç mühüm saziş imzalanmışdır.
 
Ulu öndərin 1997-ci ilin 27 iyul - 7 avqust tarixlərində ABŞ-a etdiyi səfər də iki ölkə arasında münasibətlərin inkişafında mühüm rola malikdir. Bu səfər çərçivəsində energetika, hərb və müdafiə sahəsində, sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında dövlətlərarası saziş, hər iki ölkənin neft şirkətləri arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalandı. Bu səfər ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq təməlinin qoyulması üçün yaxşı imkan oldu.
 
Ümummilli liderimiz Asiya ölkələri ilə də münasibətlərin qurulmasına mühüm əhəmiyyət verirdi. 1994-cü ildə Heydər Əliyevin Çin Xalq Respublikasının sədri Tszyan Tszeminin dəvəti ilə bu ölkəyə səfəri baş tutmuş və iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi haqqında birgə bəyanat imzalanmışdır. Rəsmi səfərin gedişində həm də iki ölkə arasında hava yolunun açılması, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində investisiyaların təşviqi və qarşılıqlı qorunması barədə 7 mühüm sənəd imzalandı. Bu səfər Çinlə Azərbaycan arasındakı münasibətlərin daha da yaxşılaşmasına təkan verdi.
 
Heydər Əliyevin 23-28 fevral 1998-ci il tarixlərində Yaponiyaya rəsmi səfərini də ayrıca qeyd etmək lazımdır. Səfər çərçivəsində dövlət nümayəndələri və iş adamları ilə 47 görüş keçirilmiş, 5 vacib sənəd imzalanmışdır. Yaponiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq, ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında birgə bəyannamə mühüm əhəmiyyət kəsb edən sənədlərdəndir.
 
Yürütdüyü xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı və gücləndirilməsi Heydər Əliyevin önəm verdiyi əsas istiqamətlərdən olmuşdur. Beynəlxalq məkanda Azərbaycanın mövqeyinin aydın nümayiş etdirilməsi və ölkəmizin ərazi bütövlüyünün təminatı baxımından böyük əhəmiyyətə malik olan hadisələrdən biri də 1994-cü ildə Ulu öndər Heydər Əliyevin NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramının çərçivə sənədini imzalaması idi. Bu sənədin sayəsində Azərbaycan NATO-ya üzv olan ölkələrlə (o cümlədən, ABŞ-la) beynəlxalq normalar çərçivəsində əməkdaşlıq etmək imkanı qazandı. Bu sənəd NATO ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın başlanması, NATO standarlarına uyğun kadrların hazırlanması və birgə təlimlərin keçirilməsi baxımından bir ilk hesab olunur.
 
3-5 dekabr 1995-ci il tarixində Heydər Əliyevin xarici sərmayələrin və kreditlərin Azərbaycan iqtisadiyyatına cəlb edilməsinə nail olmaq, xarici tərəfdaşlar tapmaq məqsədilə Ümumdünya Bankının Parisdə yerləşən iqamətgahında təşkil edilən “Azərbaycan üçün investisiyalar” beynəlxalq konfransında çıxışı ölkəmizə xarici sərmayələrin cəlb edilməsinə səbəb olmuş və bir çox transmilli şirkətlər Azərbaycanla əməkdaşlıq etməyə qərar vermişlər.
 
Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin qurulması və inkişafı baxımından Ulu öndərin 17-18 aprel 1995-ci il tarixlərində Brüssel səfəri də mühüm yer tutur. Bir sıra beynəlxalq ekspertlər Lüksemburqda Avropa İttifaqı ilə Azərbaycan arasında 22 aprel 1996-cı ildə imzalanan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ni (TƏS) Heydər Əliyevin çoxillik siyasi karyerasında ən mühüm və uğurlu sənədlərdən biri kimi göstərirlər. Saziş tərəflər arasında yüksək səviyyədə əlaqələrin inkişafının təməlini qoymuş və indiyə kimi bu sənəd qarşılıqlı maraqların təminatına öz töhfəsini verməkdə davam edir.
 
2001-ci ildə Strasburqda Heydər Əliyevin iştirakı ilə Azərbaycanın Avropa Şurasına üzv olmasına həsr olunmuş rəsmi tədbir təşkil edilmiş, qurumun binası qarşısında ölkəmizin bayrağı ucaldılmışdır. “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır” - bu sözlərlə Heydər Əliyev Azərbaycanın beynəlxalq birliyin tam hüquqlu üzvü olduğunu bir daha dünyaya bəyan etmişdir.
 
Heydər Əliyevin uzaqgörən xarici siyasət kursunun uğurlarından biri də ölkəmizin müxtəlif mühüm beynəlxalq təşkilatların rəhbər qurumlarında təmsilçiliyinin reallaşdırılması ilə bağlıdır. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olan cənab İlham Əliyevin 2003-cü ilin yanvar ayında AŞPA-nın sədr müavini və Büro üzvü seçilməsi Ulu öndər Heydər Əliyevin və bütövlükdə Azərbaycan dövlətinin böyük qələbəsi idi.
Ölkələr arasında diplomatik münasibətlərin vacib komponentlərindən biri də mədəniyyət səhəsini əhatə edir. Bu sahəyə verilən əhəmiyyətin bir nümunəsi də Ulu öndərin İstanbulda Almaniya kansleri Herhard Şröderlə görüşüdür. 19 noyabr 1999-cu ildə keçirilən bu görüş zamanı mədəniyyət mövzusunda əhəmiyyətli müzakirələr aparılmışdır, 1947-ci ildə Azərbaycana gətirilmiş Bremen qalereyası rəsmlərinin Almaniyaya qaytarılması haqqında Heydər Əliyevin Sərəncamı və məktubu kanslerə təqdim edilmişdir. Bu yenicə müstəqillik qazanmış dövlətin göstərdiyi mühüm siyasi və mədəni jest idi.
 
1990-cı illərin əvvəllərində ağır siyasi və iqtisadi vəziyyətdə olan Azərbaycan Respublikasında intibahın reallaşdırılması üçün neft faktorundan səmərəli istifadə edilməsi ilə bağlı Ulu öndərin zamanında qəbul etdiyi uzaqgörən qərar dövlət müstəqilliyinin təminatında əsas rol oynadı. Heydər Əliyevin bilavasitə rəhbərliyi altinda ölkəmizin neft strategiyası işlənib hazırlandı. İntensiv və gərgin işlərin nəticəsində 1994-cü il sentyabrın 20-də Azərbaycanla dünyanın bir sıra böyük neft şirkətləri arasında “Əsrin müqaviləsi” imzalandı. Bununla 60 mlrd. ABŞ dolları həcmində olan 19 müqavilənin əsası qoyulmuş oldu. Bütün xarici təhdidlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyev qətiyyətinin, siyasi iradəsinin, dövlət idarəetmə bacarığının və güclü diplomatiyasının təntənəsi idi.
 
1999-cu ilin noyabrında Türkiyədə keçirilmiş ATƏT-in İstanbul Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın prezidentlərinin Bakı-Tbilisi-Ceyhan (BTC) “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında imzaladığı dövlətlərarası müqavilə Ulu öndərin Azərbaycanın gələcək kompleks inkişafını təmin edəcək unikal və çox cəsarətli xarici siyasət kursunun müstəsna uğurlarındandır.
 
Heydər Əliyevin qətiyyətli və uzaqgörən neft strategiyası nəticəsində neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına Azərbaycanın sürətlə çıxışı təmin edildi, çoxşaxəli ixrac boru kəmərləri sistemi yaradıldı, neftdən əldə edilən gəlirlərdən ölkəmizin sosial və iqtisadi tərəqqisi təmin edildi. Bu mühüm strategiyaının davamı olaraq cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə TANAP və TAP layihələrinin reallaşması istiqamətində atılan addımlar da ölkəmizin enerji təhlükəsizliyini və davamlı inkişafını növbəti onilliklərdə təmin edəcək layihələrdəndir.
 
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli liderin siyasi kursunu böyük qətiyyətlə və müvəffəqiyyətlə davam etdirir. Cənab Prezidentin yüksək idarəetmə və diplomatik bacarığı sayəsində Azərbaycanın dünyanın ən nüfuzlu ölkələri və təşkilatları ilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə qədəm qoymuşdur. Bu gün Azərbaycan regionda inkişafın təmin olunması, multikultural dəyərlərin qorunması, geosiyasi maraqların uzlaşdırılması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab olunur. Bütün bu faktorlar əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının dövlət başçısı cənab İlham Əliyev tərəfindən yeni çalarlarla və müvəffəqiyyətlə davam etdirildiyini sübut edir. Əminəm ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hələ uzun müddət Cənubi Qafqazda liderlik mövqeyini qoruyacaq və regionun söz sahibi kimi beynəlxalq münasibətlər sistemində öz sözünü deyəcəkdir.(«Yeni Azərbaycan» qəzeti)
Azay Quliyev
Milli Məclisin deputatı,
ATƏT Parlament Assambleyasının vitse-prezidenti