Azay Quliyev "Deputatın hesabatı" layihəsində: Deputat seçiciləri üçün hər zaman əlçatan olmalıdır

18/12/2018 14:16
“Seçicilərlə müntəzəm olaraq görüşlərin keçirilməsi, ünvanıma gələn hər bir müraciətin ətraflı araşdırılması və deputatı olduğum ərazinin sakinlərini narahat edən problemlərin həll olunması deputat fəaliyyətimin əsas istiqamətlərindəndir”.
 
Bu sözləri Azadinform-a “Deputatın hesabatı” layihəsi çərçivəsində 8 saylı Binəqədi birinci Seçki Dairəsinin deputatı Azay Quliyev beşinci çağırış Milli Məclisə üzv seçilməsinin üç ilinin tamam olması, bu müddətdə görülən işlər və qarşıda duran məsələlər haqda danışarkən deyib.
 
Millət vəkili bildirib ki, deputat seçiciləri üçün hər zaman əlçatan olmalıdır. O, ötən dövr ərzində seçiciləri ilə 20-dən çox görüş keçirib. Seçicilərin ona etdiyi müraciətlər əsasən məşğulluq, əfv, əmlak və hüquq məsələlərini əhatə edir.
 
A.Quliyev deyib ki, seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır və onların həlli üçün müvafiq addımlar atır. Deputat seçicilərin ona ünvanladığı müraciətləri aidiyyəti qurumlara göndərməklə yanaşı, onların icra vəziyyətini də daim diqqətdə saxladığını qeyd edib: “Hər ay mütləq şəkildə keçirdiyim seçicilərin qəbulundan əlavə, rəsmi internet səhifəmdə onların müraciət etməsini daha da asanlaşdıran onlayn qeydiyyat sistemi  də fəaliyyət göstərir.
 
8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri elektron müraciət imkanından yararlanaraq istənilən vaxt müraciət edə və qəbula yazıla bilirlər. Öz seçki dairəmdən əlavə digər ərazilərdə yaşayan vətəndaşlar da müxtəlif müraciətlər edir. Buna görə digər seçki dairələrinin seçicilərinin də problemlərinin həllinə kömək etməli oluram. Seçicilərin problemlərini Milli Məclisin iclaslarında səsləndirirəm və vətəndaşların problemlərini müzakirə etmək məqsədilə yüksək vəzifəli hökumət nümayəndələri ilə görüşürəm. Milli Məclisin deputatları dövlətlə vətəndaşlar arasında körpü rolunu oynayırlar. Deputat səlahiyyətləri bizə vətəndaşların problemlərinin daha yaxından öyrənilməsi, onların maraqlarını yüksək səviyyədə təmin edilməsi üçün imkanlar yaradır. Parlamentin iclaslarında seçiciləri narahat edən problemləri səsləndirməklə onların operativ və effektiv şəkildə həll edilməsinə çalışıram. Baxmayaraq ki, beynəlxalq fəaliyyətimlə bağlı tez-tez səfərlərdə oluram, ancaq yenə də seçicilərimin müraciətlərinə vaxt ayırmaq, bunların həllinə yardım etmək, onların məmnunluğunu təmin etmək qarşımda duran əsas prioritetlərdən biri kimi qalmaqdadır. Bundan əlavə, seçicilərimin ictimai fəallığının da dəstəklənməsini, onların təşəbbüslərinin və təkliflərinin həyata keçirilməsinə yardım edilməsini də diqqətdə saxlayıram”.
A.Quliyev bildirib ki, şəhid ailələri, veteranlar, qaçqın və məcburi köçkün olan həmvətənlərimizin müraciətlərinə xüsusilə  həssas münasibət göstərir.
 
ATƏT Parlament Assambleyasının vitse-prezidenti kimi mühüm beynəlxalq vəzifəni icra edən deputat həmçinin, bu qurumun iclaslarında Ermənistanın aqressiv işğalçılıq siyasətinin nəticəsində ərazi bütövlüyümüzün, doğma torpaqlarından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin hüquqlarının pozulması məsələsini müntəzəm olaraq qaldırdığını, konfliktin bu platforma çərçivəsində daima diqqət mərkəzində saxlanılmasına çalışdığını bildirib: “Bununla bərabər, müəllifi olduğum və 2015-ci ildə ATƏT PA-nın Helsinki iclasında qəbul edilmiş “ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq” adlı qətnamədə də işğal olunmuş ərazilərdən qovulmuş vətəndaşlarımızın qeyd-şərtsiz və ləyaqətli bir şəkildə öz yurd-yuvalarına dönməsi üçün müvafiq şəraitin yaradılması tələb olunur: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandığı üçün bütün əlaqədar qurumların fəaliyyəti məhz əhalinin mənafeyinin təminatına istiqamətlənməlidir. Mən də deputat olaraq bunu nümunə kimi qəbul edərək səlahiyyətim çərçivəsində daima seçicilərimin problemlərinin həllinə kömək etməyə çalışıram”.