Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanı regionun ən perspektivli və münbit ölkəsinə çevirdi.
A.Quliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın xarici siyasəti hər zaman dünya miqyasında böyük hörmətə malik olub: "Bunun bariz nümunəsi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi idi. Bu, bir daha işğala məruz qalmış bir ölkənin BMT Təhlükəsizlik Şurasında günü-gündən artan nüfuzunun göstəricisi idi. Üzvlük Azərbaycana Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyü məsələsini birbaşa BMT Təhlükəsizlik Şurasının tribunasına çıxarmağa imkan yaratdı".
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev ictimai və sosial xidmət sahəsində olan siyasəti 15 illik dövr ərzində diqqət mərkəzində olub: "Dövlət başçısının fərmanı ilə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi və adıkeçən Agentliyin tabeliyində olan “ASAN xidmət” mərkəzi yaradılıb. “ASAN xidmət” mərkəzinin əsas rolu isə dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərin vahid sistemdə birləşdirilməsidir. Son 5 il ərzində “ASAN xidmət” mərkəzinə 24 milyon civarında müraciət daxil olub və əhali arasında xidmətlərin bəyənilmə əmsali 100 faizə yaxınlaşıb. “ASAN xidmət” yarandığı dövrün ilkin illərində bir Azərbaycan brendinə çevrildi və artıq başqa ölkələr tərəfindən maraqla qarşılanırdı".
A.Quliyev vurğulayıb ki, ordu quruculuğu və işğal olunmuş torpaqların azad olunması Prezidentin diqqət ayırdığı ən önəmli sahələrdəndir: "Azərbaycan Ordusu son 15 ildə böyük inkişaf mərhələsi keçib və regionun ən güclü ordusu kimi formalaşıb. Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağımızı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlının təhlükəsizliyinin təmin edilməsi oldu. Prezidentin sərəncamına əsasən Cocuq Mərcanlıda qısa müddətdə yeni qəsəbə salındı və ilk mərhələdə oraya 60 ailə köçürüldü. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi".
ATƏT PA-nın vitse-prezidenti söyləyib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımlardan biridir: "1994-cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması ilə ulu öndərimiz Heydər Əliyev tərəfindən Xəzər dənizinin statusunun razılaşdırılmasına yönəlmiş siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilib və nəticə olaraq Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı və imzalanan bu sənəd Azərbaycanın iqtisadi imkanları genişləndirilməsi, bölgənin, regionun inkişafı, üçün çox önəmli bir addım oldu. Tarixdə ilk dəfə olaraq Xəzər dənizinin hüquqi statusu müəyyən olundu və ölkə rəhbərinin apardığı uğurlu siyasətin göstəricilərindən biri bu tarixi sənəddə Azərbaycanın milli maraqlarının tam şəkildə öz əksini tapmasıdır".
O bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə 2008-ci ildən başlayaraq informasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan olundu: "İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edirdi. 2010-cu ildə ölkə prezidentinin sərəncamı ilə “Azərkosmos” ASC-nin yaradılması, 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace 1”-in, 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən “Azersky” peykinin və nəhayət, bu ilin sentyabrında daha bir telekommunikasiya peyki - “Azerspace 2”-nin orbitə çıxarılması qısa bir zamanda Azərbaycanı çox az sayda olan kosmik ölkələr siyahısına əlavə etdi. Bu artan templə davam edən siyasətin nəticəsi onu göstərir ki, tezliklə Azərbaycanda kosmik sahə Azərbaycan iqtisadiyyatının güclənməsi istiqamətində böyük rol oynayacaq".
Deputat deyib ki, ölkə Prezidentinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini uğurla davam etdirməsi nəticəsində ən böyük və gözəçarpan uğurlardan biri Azərbaycanın Avropanın energetika xəritəsini dəyişdirməsi idi: "Bu müddət ərzində ardıcıl olaraq 2006 və 2007-ci illərdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib, 2018-ci ildə Bakıda Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib, ulu öndər Heydər Əliyevin təşəbbüsu ilə 1994-cü ildə imzalanmış "Əsrin Müqaviləsi"nin müddəti 2017-ci ildə 2050-ci ilə qədər uzadılıb. Dövlətimizin başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və sadaladığımız reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas aldı və Azərbaycanı bu sahənin lider dövlətinə çevirdi".
A.Quliyev qeyd edib ki, son illərdə ölkəmizdə nəqliyyat insfrastrukturlarında həyata keçirilən yenidənqurma işləri, hava limanlarının, beynəlxalq əhəmiyyətli avtomobil yollarının və dəniz limanlarının tikintisi və dəmir yolu xətlərinin qurulması və yenilənməsi İpək Yolu üzərində yerləşən Azərbaycanı Asiya və Avropanın nəqliyyat qovşağına çevirir. Cənab İlham Əliyevin rəhbərliyi ilə regionda böyük logistik mərkəzə çevrilən Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaq, bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, ölkə daxilində və regionda irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Buna uğurlu misal kimi, 2017-ci ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrini qeyd etmək olar. Tarixi İpək Yolunun bərpası çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində yaxında iştirak edən Azərbaycan Avrasiyada mühüm tranzit və logistika mərkəzinə çevrilib".
Millət vəkili bildirib ki, ölkə Prezidenti İlham Əliyevin 15 illik prezidentlik dövrü ərzində qeydə alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da, son illər qeyri-neft sektoru ümumi iqtisadi artımını önə çıxarıb: "İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioriteti olub. Keçid dövrünü yaşamış hər bir ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb, ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını uğurla inkişaf etdirib, onun neftdən asılılığını əhəmiyyətli şəkildə endirib. Son illərdə kənd təsərrüfatının inkişafı, xüsusilə bölgələrdə məşğulluğun artırılması ölkəmizin prioritetlərindən birinə çevrilib. Kənd təsərrüfatının ardıcıl artımını göz qabağındadır. Kənd təsərrüfatı son illər ərzində uğurlu şəkildə inkişaf edib. Son 15 il ərzində meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6 dəfə, bu sahəyə ayrılan kapitalın həcmi 21 dəfə artıb. Cənab İlham Əliyev prezidentlik dövründə turizm sektorunu Azərbaycan iqtisadiyyatının ən gəlirli sahələrindən birinə çevirdi. Bu sahənin inkişafı üçün lazım olan infrastruktur tam şəkildə yaradılıb. Dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan dünyanın turizm mərkəzlərindən birinə çevrilib".
A.Quliyev deyib ki, Azərbaycan qədim idman ənənələrinə malik ölkələrdən biri hesab olunur: "Ölkə Prezidenti İlham Əliyevin hakimiyyəti dövrü ərzində idmanın da inkişafına böyük diqqətlə yanaşılıb. İdmançılarımız 2004-2018 ci illər ərzində Olimpiya Oyunlarından 39 medal (5 qızıl, 10 gümüş, 24 bürünc) qazanıblar. 2015-ci ildə Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Azərbaycanın uğurlu idman siyasəti aparmasının gostəricilərindən biri də 2016-cı ildən etibarən Bakıda hər il “Formula 1” yarışlarını təşkil etməsidir. Düzgün şəkildə qurulmuş idman siyasəti, həmçinin idmanın inkişafına ölkə başçısı tərəfindən göstərilən diqqət ölkəmizdə sağlam nəsilin formalaşdırılmasına gətirib çıxarıb".
O əlavə edib ki, Azərbaycan xalqının böyük tarixi inkişaf yolu keçməsinin nəticəsi olaraq, multikulturalizm Azərbaycanın ayrılmaz bir parçası olub: "İndiki zamanda dini diskriminasiyanın, radikalizimin mövcud olduğu bir dünyada Azərbaycanın multikulturalizmə böyuk önəm verməsi və aparıcı istiqamət kimi yanaşması ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətlərindən biridir. Prezident İlham Əliyev tərəfindən Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycan Respublikasının atdığı uğurlu addımlarından biridir. Ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycan İslam dünyasının əsas mədəni mərkəzlərindən birinə çevrilib. Azərbaycanın İslam dünyasının əsas mədəni mərkəzlərindən birinə çevrilməsinin əsas göstəricilərindən biri də Bakıdan sonra bu dəfə Naxçıvan şəhərinin "İslam Mədəniyyətinin Paytaxtı" adına layiq görülməsidir. Cənab İlham Əliyevin prezidentliyi dövrü ərzində multikulturalizmlə bağlı bir çox tədbirlər keçirilib və ölkə başçısı tərəfindən aparılan siyasət həm İslam aləmində, həm də Avropada Azərbaycanın yüksək qiymətləndirilməsinə gətirib çıxarıb".
ATƏT PA-nın vitse-prezidenti söyləyib ki, cənab İlham Əliyevin prezidentlik dövrü ərzində Azərbaycanın sürətli inkişafı mədəniyyət sahəsində də özünü qabarıq şəkildə göstərir: "Azərbaycanın mədəniyyət mərkəzinə çevirilməsinin əsas göstəricilərindən biri də məhz ölkə rəhbəri İlham Əliyevin təşəbbüsü ilə Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsidir. 2011-ci ildən bəri keçirilən Bakı Beynəlxalq Humanitar forumları 70-dən çox ölkə, 10-dan çox mötəbər beynəlxaq təşkilatın nümayəndələrini, həmçinin dövlət başcılarını, Nobel mükafatı laureatlarını, dünyanın nüfuzlu fəxri professorlarını, görkəmli ictimai və siyasi xadimlərini Azərbaycanın paytaxtı Bakı şəhərində bir araya gətirib. Cənab İlham Əliyevin mədəniyyət sahəsində yürütdüyü siyasət Azərbaycanın digər şəhərlərinin mədəniyyət mərkəzlərinə çevirilməsinə səbəb olub. Bu siyasətin göstəricilərindən biri 2009-cu ildən başlayaraq hər il Qəbələ şəhərində beynəlxalq musiqi festivalının keçirilməsidir. Qəbələ beynəlxalq musiqi festivalları çərçivəsində muğam, caz, vokal musiqisi konsertlərinin təşkili, dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilərin, dünya şöhrətli simfonik və filarmonik orkestlərin Qəbələ şəhərində toplanması Azərbaycanın mədəniyyət sahəsində nail olduğu uğurlardan biri hesab olunur".
Millət vəkili vurğulayıb ki, müstəqil Azərbaycan mediasının təməlini qoyan ümummilli lider Heydər Əliyevin siyasətini cənab İlham Əliyev hakimiyyəti dövründə yürütdüyü siyasətlə davam etdirib: "Ölkə başçısının apardığı siyasətin prioritet sahələrindən birinin Azərbaycan mətbuatı olması ölkəmizdə media və jurnalistikanın inkişafını daha yüksək bir səviyyəyə çıxardıb. Son illər ərzində Azərbaycan jurnalistikası inkişaf edib və cəmiyyətdə çox müsbət rol oynayıb. Azərbaycanda mətbuata verilən önəm və dəyərin göstəricilərindən biri də Milli Mətbuat Günü münasibətilə jurnalistlərə mənzillərin hədiyyə olunmasıdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanda söz azadlığı tam şəkildə təmin edilib".
A.Quliyev bildirib ki, əldə olunan uğurlar sırasında Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti üzündən öz doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanlarımızın yaşayış durumunu və sosial vəziyyətinin düzəldilməsi də var: "MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə Azərbaycan ilk yerlərdə gələn dövlətlərdən biri olsa da, ölkə Prezidenti tərəfindən aparılan siyasət nəticəsində bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkələrdən hesab olunuruq".
Deputat deyib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətdə regionların da inkişafı prioritet sahədir: "Regionların sosial-iqtisadi inkişafı ilə bağlı aparılan siyasət və dövlət proqramlarının icrası regionlarımızı bütün zəruri infrastrukturla təmin etdi. Aparılan uğurlu siyasət nəticəsində kəndlərə içməli su, təbii qaz xətləri çəkilir, yeni yollar salınır və yaşayış yerləri bərpa olunur".
A.Quliyev qeyd edib ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtisadi quruculuq prosesi geniş vüsət almağa başladı: "Baş tutan ardıcıl islahatlar Azərbaycanı regionun ən güclü və münbit ölkəsinə çevirdi. Azərbaycan iqtisadiyyatı son 15 illik dövrdə MDB məkanında birinci yerə yüksəldi". (Trend.az)