AŞPA haqqında əsl həqiqət bundan ibarətdir

07/06/2020 16:10

Məlum olduğu kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 3 iyun 2020-ci ildə Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Avropa Şurasında geniş vüsət alan anti-Azərbaycan tendensiyalarını və ölkəmizə qarşı aparılan siyasətin mahiyyətini konkret faktlarla tənqid edib.

Həqiqətən də, Avropa Şurası və onun Parlament Assambleyası artıq neçə ildir ki Azərbaycana qarşı davam etdirdiyi qərəzli və ikili standartlar siyasəti bu ilin martın 31-də Dağlıq Qarabağda keçirilən qanunsuz “seçkilər”ə münasibətdə özünün pik həddinə çatdı. Bir çox ölkələrin və nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT-in Minsk Qrupunun həmsədrliyi, ATƏT-in Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, TÜRKPA və. s dövlətlərarası qurumların Ermənistanın bu seçki şousunu ifşa edən bəyanatla çıxış etməsinə, “seçkiləri” qeyri-qanuni adlandıraraq onun nəticələrini tanımamasına baxmayaraq AŞPA beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistanın bu hərəkətinə münasibət bildirmədi, “seçkiləri” qınamadı.

Əksinə, AŞPA özünün nə qədər mənəvi və institusional deqradasiyaya uğradığını, hamılıqla qəbul olunan beynəlxalq prinsip və dəyərlərlə manipulyasiya etdiyini, bəzi dövlətlərin və lobbi qruplarının “siyasi sifarişlər fabriki”nə çevrildiyini əyani nümayiş etdirərək pandemiya ilə bağlı Azərbaycanın məcburən tətbiq etdiyi məhdudiyyətlərə siyasi don geyindirərək onu ölkəmizə qarşı istifadə etməyə çalışdı.

Ona görə də AŞPA-nın bir üzv ölkəyə münasibətdə beynəlxalq təşkilatın mandatına və dəyərlərinə sığmayan bu cür mövqeyi həm cəmiyyətdə, həm də rəsmi dairələrdə haqlı etiraza və hiddətə səbəb oldu. Vəziyyət o qədər qəbuledilməz idi ki, dövlət başçısı səviyyəsində məsələyə münasibət bildirildi və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkilər”ə AŞPA-nın səssiz qalmasının əsl səbəbini cənab Prezident bütün çılpaqlığı ilə yerli və beynəlxalq ictimaiyyətə izah etməli oldu.

Cənab Prezidentin çıxışından sitat: “... Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı”.

Bəli, cənab Prezidentin bu fikirləri AŞPA-nın anti-Azərbaycan mahiyyətinə, beynəlxalq təşkilat kimi bir ölkəyə qarşı yol verdiyi haqsızlığa və yumşaq desək, qeyri-adekvat yanaşmaya verilən dəqiq qiymətdir.

İndi bəzi xarici ölkələrin siyasi sifarişlərini açıq və gizli formada yerinə yetirməklə məşğul olan AŞPA-nın Azərbaycanın monitorinqi üzrə həmməruzəçisi Ştefan Şennak mətbuata verdiyi müsahibədə yenə də yalnız Azərbaycanı və Türkiyəni hədəfə alır və bizə qarşı açıq qərəz və ayrı-seçkilik nümayiş etdirir. Bu gün Avropa Şurasının üzvü olan bir çox ölkələrdə kobud şəkildə pozulan insan hüquqları haqqında bu adam heç nə demir. Təsəvvür edirsiniz?

Ermənistanda hüquq müdafiəçilərinin bütün beynəlxalq təşkilatlara, o cümlədən AŞPA-ya təqdim etdiyi və həqiqiliyi şübhə doğurmayan ən azı 58 siyasi məhbus haqqında Şennak bir kəlmə də danışmır. Mən Ermənistanda olan siyasi məhbusların siyahısı ilə tanışam. Həmin siyahıda jurnalistlər, QHT və siyasi partiya təmsilçiləri var. Ancaq AŞPA-nın KİV azadlığı və jurnalistlərin təhlükəsizliyi məsələləri üzrə məruzəçisi Ştefan Şennak Ermənsitanda olan bu qədər siyasi məhbusun üzərindən sükutla keçir, heç nə olmamış kimi davranır, o haqda danışmağa ehtiyac görmür. Lakin bu adam Avropa Şurasının cəmi iki türk və müsəlman üzvü olan Azərbaycanın və Türkiyənin adını dəfələrlə hallandıraraq bizə qarşı olan qərəzini və nifrətini açıq büruzə verir. Bu irqi, milli və dini diskriminasiya deyil, bəs nədir? Ona görə də Prezident İlham Əliyev haqlı olaraq AŞPA-nı islamafobiyada, Azərbaycanafobiyada qınayır, onun qəbul etdiyi bəyanatların kağız parçasından başqa heç bir dəyərinin olmadığını deyir.

Təəssüf ki, bu gün AŞPA haqqında əsl həqiqət bundan ibarətdir.

Mənbəyə keçid:

https://azvision.az/news.php?id=217432&lang=az