26 aprel 2021-ci ildə Albaniyada keçirilən parlament seçkiləri ilə bağlı Tirana şəhərində birgə beynəlxalq seçki müşahidə missiyasının mətbuat konfransı baş tutub.
ATƏT PA-nın rəsmi veb səhifəsində verilən məlumata görə, təməl azadlıqlara hörmət edilməsini təmin edən hüquqi baza sayəsində seçki kampaniyasının canlı və əhatəli şəkildə aparılması müşahidəçilər tərəfindən qeyd edilib. Eyni zamanda, beynəlxalq müşahidəçilərin bugünkü açıqlamasında kampaniya çərçivəsində səlahiyyətli şəxslərin tutduqları vəzifədən sui-istifadə etmələri və səslərin alınması hallarının da müşahidə olunması qeyd olunub.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birgə müşahidə missiyası müəyyən müəmmalara və uyğunsuzluqlara baxmayaraq, qanuni çərçivənin demokratik seçkilərin baş tutması üçün kifayət qədər əsas təşkil etdiyini bildirib. Geniş siyasi konsensusa əsaslanaraq qanuni çərçivələrə edilmiş son dəyişikliklər əlavə mexanizmlərin yaranmasını təmin etdi. Yeni seçki administrasiyası üzərinə düşən çoxsaylı yeni tapşırıqların öhdəsindən layiqincə gələ bildi.
ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri Azay Quliyev bildirib ki, “keçən ilki siyasi razılaşma əhəmiyyətli islahatların əsasını qoydu və seçki prosesinə olan inamı artırmağa xidmət edən e-texnologiyaları tətbiq etməyə imkan yaradıb. Bu, siyasi yaxınlaşmanın Albaniya xalqının mənafeyinə xidmət etdiyini göstərir”.
Azay Quliyev “bütün siyasi qüvvələri seçki günündən sonrakı fəaliyyətlərində eyni ruhu qorumağa və gələcək seçkilərdə inzibati resurslardan sui-istifadə və dövlət məmurlarına təzyiqlərin göstərilməsinin qarşısını almaq üçün əlavə tədbirlər görməyə” çağırıb.
Mətbuat konfransında vurğulanıb ki, qlobal COVİD-19 pandemiyası fonunda keçirilən seçkilərdə təxminən 3,5 milyon insan səs vermək üçün qeydiyyatdan keçdi. Təməl azadlıqlara hörmət edilsə də, seçki kampaniyası dövründə sosial mediada siyasi platformalardan daha çox partiya liderlərinin şəxsiyyətinəfokuslanma faktları nəzərə çarpıb. Seçki kampaniyası zamanı bəzi aparıcı siyasətçilər tərəfindən istifadə olunan ritorikakonfrontasiya yaratmaq məqsədi güdürdü və eyni zamanda, media seçicilərin seçim etmələri üçün vacib olan məlumatlarıpaylaşmırdı. Ölkə ərazisində səslərin alınması da narahatlıq doğururdu.
AŞPA nümayəndə heyətinin rəhbəri Aleksandr Poçey qeyd edib ki, “ümumi çərçivədəki irəliləyişlərə baxmayaraq, seçki prosesi boyunca səslərin alınması faktlarının geniş yayılması ilə bağlı iddialar Albaniyada ciddi bir problem olaraq qalmaqdadır və bu, ümumi seçki prosesinə olan etimada mənfi təsir göstərir. Dövlət məmurlarına göstərilən təzyiqlər də bu sıraya aiddir.AŞPA və Venesiya Komissiyası, seçki prosesinə dair hüquqi çərçivələri daha da təkmilləşdirmək üçün Albaniyanın səlahiyyətli şəxsləri ilə əməkdaşlığı davam etdirməyə hazırdır".
Qedy olundu ki, seçicilərin identifikasiyası üçün bütün seçki məntəqələrində yeni sistem qurulmuşdur. Sistemin məqsədi seçicilərin saxtakarlıq etmə riskini azaltmaq idi.Halbuki, sistemin qısa zaman ərzində təqdim olunması ictimai müzakirələr və müstəqil araşdırılmaların keçirilməsi üçün kifayət qədər vaxt qoymadı. Seçki günü əsasən şəffaf və maneəsizkeçsə də, pandemiya ilə əlaqəli tədbirlər zəif həyata keçirildi və sosial məsafənin qorunmasına bir çox hallarda riayət olunmurdu.
ATƏT PA nümayəndə heyətinin rəhbəri Reinhold Lopatka öz növbəsində vurğulayıb ki, “elektron səsvermə texnologiyasının tətbiqi Albaniya üçün vacib və təqdirəlayiq bir addımdır. Ölkə miqyasında istifadə olunan biometrik identifikasiya sisteminin səmərəliliyinin şahidi olmaqdan məmnun oldum. Bu, seçki prosesinə inamı gücləndirə biləcək əhəmiyyətli bir addımdır. Seçki günündən əvvəl baş verən hadisələrdən narahat idim və şiddətə əl atılmasınınyolverilməzliyini vurğulamaq istəyirəm".
Daha sonra bildirildi ki, dövlət resurslarından sui-istifadəni dayandırmaq üçün imkanlar yaradan hüquqi bazaya baxmayaraq, bir çox rəsmi şəxs vəzifələrini icra edərkən kampaniyalarını davam etdiriblər. Bu, seçki ərəfəsində bir neçə böyük infrastruktur layihəsinin işə salınmasınınfonunda hakim partiyaya böyük üstünlük verdi.
DTİHB-nin məhdud seçki müşahidə missiyasına rəhbərlik edən Ursula Qaçek qeyd edib ki, "son dövrlərdə Albaniyada baş verən çoxsaylı siyasi qarşıdurmalardan sonra seçki prosesinə inamın tədricən yenidən formalaşdığını görmək bizi sevindirir. Bütün partiyalar seçkilərdə iştirak etdi və seçici sayı yüksək idi. Vəzifədən sui-istifadə və səslərin alınması halları kimi pozuntuların hələ də qalması təəssüf doğurur”.
Albaniyadakı parlament seçkilərini 32 ölkədən 125 müşahidəçi, o cümlədən DTİHB-nin göndərdiyi 42 ekspert və uzunmüddətli müşahidəçi,ATƏT PA-nın göndərdiyi 60 deputat və texniki işçi, həmçinin AŞPA-nın göndərdiyi 23 müşahidəçidən ibarət beynəlxalq seçki müşahidə missiyası izləyib.